Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin üçtərəfli görüşünə dair razılıq əldə olunub. Görüşün hansı tarixdə keçiriləcəyi isə hələ ki, dəqiqləşməyib. Dİqqət çəkən məqam isə ondan ibarətdir ki, bu, sərhəddə baş verən son gərginlikdən sonra ilk görüş olacaq.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov görüşün mümkün nəticələrindən danışıb:
"Ermənistan bu görüşün keçirilməsini qəbul edibsə, deməli, onlar artıq başa düşüblər ki, vəziyyət nə yerdədir. Ermənilər danışıqlardan başqa yol olmadığını qəbul ediblər. Xatırladım ki, dekabr ayında Ermənistan tərəfi görüşün keçirilməsi təklifini geri çevirmişdi. İndi isə Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi quruldu və ermənilər görüş təklifini qəbul etdilər. Bu baxımdan təhlil edəndə aydın olur ki, onlar görüşdən qaça bilməyəcəklərini anlayıblar.
İndidən görüşdə hansı nəticələrin əldə olunacağını demək əlbəttə ki, çətindir. Buna baxmayaraq, hər görüş bir addım irəli getmək deməkdir. Doğrusu, mən inanmıram ki, hər hansı irəliləyiş olsun, amma ümumiyyətlə görüşün keçirilməsi müsbət haldır.
Onu da qeyd edim ki, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bu proses yekunlaşmayacaq. Növbəti mərhələdə orada gömrük postu da qurulacaq. Necə ki, digər qonşu ölkələrlə sərhəd ərazilərimizdə postlar və nəzarət məntəqələri var, eyni şəkildə həmin postlar Ermənistanla sərhəddə də qurulacaq", - deyə o bildirib.
Murad İbrahimli