İranda gizlənən və terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov saxlanılıblar.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı İran hökumətinə bağlı “Azariha” portalı yayıb.
Onların 5 gün əvvəl İranın Qum şəhərində saxlanıldığı bildirilir. Bununla yanaşı, T.İbrahimbəyli və O.Məmmədovun saxlanılma səbəbi açıqlanmayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər.