Aprelin 28-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov və Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri, dünya çempionatının mükafatçısı Natiq Bağırovla görüş keçirilib.
"Unikal" xəbər verir ki, “İdmanın təkmübarizlik növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyətinin iştirak etdiyi görüş zamanı qonaqlar cüdo idman növünün incəliklərindən, məşq prosesinin qurulmasından və uğura gedən yoldan bəhs ediblər. Ustadlar həmçinin tələbələrin suallarını cavablandıraraq onlara öz tövsiyələrini veriblər.
Akademiyanın İdman işləri üzrə prorektoru Fərid Mansurov öz təcrübələrini tələbələrlə bölüşən qonaqlara təşəkkürünü bildirib və bildirib ki, layihənin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və gələcək mütəxəssislərə dəstək olmaqdır.
Sonda qonaqlara ASAPES adından hədiyyə və təşəkkürnamələr təqdim olunub.