Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2 may 2023-cü il tarixində NATO mənzil-qərargahına səfər edib. Səfər Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanmasının 29-cu ildönümü ərəfəsinə təsadüf edib.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən "Unikal"a verilən xəbərə görə, səfər çərçivəsində Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib. O, həmçinin NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə köməkçisi Devid Katlerlə ikitərəfli görüş keçirib.
Keçirilmiş görüşlər zamanı H.Hacıyev Azərbaycan-NATO tərəfdaşlığının cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər ətrafında müzakirələr aparıb. O, iştirakçılara Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina problemi, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi və digər qarşılıqlı maraq doğuran xüsuslar haqqında məlumat verib. Tərəflər arasında Azərbaycanın nəqliyyat imkanları və enerji təchizatındakı önəmli rolu barədə fikir mübadiləsi aparılıb.
NATO üzv dövlətləri Azərbaycanın etibarlı və önəmli tərəfdaş ölkə olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Sülh Naminə Tərəfdaşlıq proqramında aktiv iştirakını, Alyansın beynəlxalq sülhməramlı əməliyyatlarına töhfələrini, ələlxüsus Əfqanıstan missiyasına dəstəyini, qarşılıqlı operativ uzlaşmanın artırılması və müdafiə islahatları sahəsində əldə etdiyi tərəqqini təqdir edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri görüş iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Səfər çərçivəsində H.Hacıyev Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən memorial-foto stendin açılış mərasimində iştirak edib.