Artıq üçüncü gündür ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü keçirilir. Nazirlər arasında sonuncu görüşün bu gün Bakı vaxtı ilə 21:45-də keçiriləcəyi qeyd edilir.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən politoloq Qabil Hüseynli Vaşinqton görüşünün mümkün nəticələri ilə bağlı danışarkən bildirib ki, proses intensiv şəkildə aparılır:
"Hazırda tərəflərin mövqelərinin bir-birinə maksimum yaxınlaşdığı dövrdəyik. İlkin nəticələr də var. Zənnimcə, bu görüşdən sonra mütləq bir sənəd imzalanacaq. Bu sənəd münasibətlərin tənzimlənməsinə dair saziş ola bilər. Həmin sazişdə gələcəkdə imzalanacaq sülh müqaviləsinin prinsipial məqamları əks olunacaq.
Təkcə Vaşinqton görüşü ilə bağlı yox, həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın son günlər parlamentdə etdiyi çıxışlarına əsaslanaraq deyə bilərəm ki, Ermənistan əvvəlki destruktiv mövqeyindən xeyli uzaqlaşıb. Düşünürəm ki, Ermənistan tərəfi konstruktiv adlandırıla biləcək mövqeyə yaxınlaşıb.
Ermənistan siyasi rəhbərliyi öz uydurma tarixi ilə bağlı fikirlərlə vidalaşmaq qərarına gəlib. Həm regiondakı problemlərə, həm də dünyada gedən digər proseslərə reallıqla yanaşmağa başlayıb. Mən proseslərə nikbin yanaşıram və sülh müqaviləsinin ərsəyə gələcəyinə, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünün tanıyacağına, Qarabağın ermənilər yaşayan hissəsində vəziyyətin nisbətən sabitləşəcəyinə inanıram", - deyə o qeyd edib.
Q. Hüseynli həmçinin deyib ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesində Rusiya öz destruktiv mövqeni tutmağa davam edir:
"Rusiya regionu bulandırmaq və çalxalamaq istəyir. Buna baxmayaraq, Rusiya əvvəlki gücdə deyil. Buna yetəcək imkanları minimum səviyyədədir. Üstəlik, hər iki ölkə, həm Azərbaycan, həm də Ermənistan bu destruktiv addımlara qarşı hazırdır.
Yəqin ki, Vaşinqton görüşündən sonra Rusiya tərəfləri Moskvada görüşdürmək fikrinə düşəcək. Onlar Üçtərəfli Bəyanatı əsas gətirərək bu görüşün keçirilməsinə nail ola bilərlər, amma Vaşinqtonda nəticə əldə olunacaqsa, bundan sonra Rusiyanın cəhdləri nəticəsiz qalacaq. Nə qədər cəhd etsələr də, bu prosesi poza bilməyəcəklər".
Murad İbrahimli