"İran terrorçu dövlət kimi davranmağa çalışır. Terrorçu dövlət kimi də əsas hədəfini Azərbaycana yönəldib. Bu da ölkəmiz üçün məqbul deyil".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, Azərbaycan 30 il əvvəlin yenicə müstəqillik qazanan ölkəsi deyil:
"Azərbaycan kifayət qədər güclü, müttəfiqləri, xarakteri və prinsipləri olan dövlətdir. İran səfirliyimizə hücum edir, ölkəmizin içərisində terror həyata keçirir və bunu dəstəkləyir. Bu yolla Azərbaycana hansısa bir şəkildə təhdid, şantaj yönəltməyə çalışır, amma bunlar keçərli deyil. Azərbaycan qonşu dövlətlərlə normal münasibətlərin olmasında maraqlıdır. Azərbaycanın müharibə apardığı dövlətlə birbaşa ölkəmizə qarşı koalisiya yaratmaq, onu bizə qarşı şirnikləşdirmək qəbuledilməzdir. Eyni zamanda, Azərbaycanın sərhədlərində düşməncəsinə hərbi təlimlər keçirib bizi hədələmək məntiqsiz, səviyyəsiz davranışdır.
Cənab Prezident də qeyd edib ki, bu gün münasibətlər çox aşağı səviyyədədir. Elə bir başqa ölkə tanımıram ki, orada səfirliyimizi bağlayaq. Vəhşi, diplomatik dildən anlamayan zehniyyətə sahib Ermənistanı tanıyırdıq. Bununla bərabər İranın da bu cərgəyə qoşulması, faşist zehniyyətinin daşıyıcısına çevrilməsi, səfirliyə hücum edərək oranı güllə atəşinə tutması heç bir məntiqi izahı olan, müasir dövrün prinsiplərinə uyğun gələn davranışlar sayıla bilməz. İran bundan imtina edərsə, Azərbaycanın münasibətlər qurmasında problem yoxdur. Biz dinçi, faşist zehniyyətin qabağında geri duraraq hansısa maraqlarımızı qurban vermək niyyətində deyilik və olmayacağıq".
Anar Kəlbiyev