"Sülh yoxdursa, müharibə var. Bu baxımdan, müharibə riski həmişə qalır. Bu zaman bölgə uzun illər hansısa bir şəkildə narahatlıq içində qalacaq, bir-biri ilə savaş, qarşıdurma vəziyyətində olacaq".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, burada yenə də uduzan Ermənistan olacaq:
"Ona görə ki, Azərbaycan özünə aid olan əraziləri geri qaytardı. Hazırda həmin əraziləri dirçəldir, onların müdafiəsi istiqamətində bütün gücü ilə irəliyə doğru strategiyasını formalaşdırır. Sülh müqaviləsi olsa, bölgəyə hərbi yatırım qoymaq yerinə mülki həyatın, iqtisadiyyatın canlanmasına vəsait buraxacağıq. Bu, Ermənistanın və digər ölkələrin də xeyrinə olacaq. Bütün dövlətlər sülhə yönəlik müəyyən açılımları dəstəkləməlidirlər. Əks halda bu proseslər yaxşı məcrada inkişaf etməyəcək.
Bu baxımdan, Prezident vurğulayıb ki, sülhün olmaması müharibənin mümkün olması deməkdir. Bunu da kimlərsə istəyəcəksə, sonra onlar üçün də ciddi nəticələr doğuracaq. Ermənistanın hər hansı bir şəkildə bu məsələdə qazanclı çıxacağını düşünənlər öz ölkələrini nə qədər böyük bir faciəyə sürüklədiklərini anlayacaqlar. İndiki halda Azərbaycanla düşmən olmaq həm də məğlub olmaq riskini daşımaq deməkdir. Bunu düşünməlidirlər".
Anar Kəlbiyev