Azərbaycanın Baş naziri Əli Əsədov mayın 6-da ölkədə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə T.Konyetskonun və J.Zunqrananın Azərbaycanda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” reqatasında iştirakı yüksək qiymətləndirilib.

Turninin təntənəli açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində - Suqovuşanda keçirilməsi məmnunluqla vurğulanıb, yarışda iştirak edən ölkələrin sayının ilbəil artdığı diqqətə çatdırılıb.

Eyni zamanda Azərbaycanla Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

***16:42

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Bu barədə "Unikal"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə F.Cudanın Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Eyni zamanda Azərbaycan Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.