"Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin təxminən 1/6-də direktor yoxdur. Məsələn, təmsil etdiyim Salyan rayonunda 20 məktəbdə direktor yoxdur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, “Təhsil haqqında” və “Elm haqqında” qanunlara ciddi dəyişikliklərin edilməsinə ehtiyac var:

“Çünki bu sahədə bir sıra boşluqlar var və mövcud problemlər aradan qaldırılmalıdır”.

F.Ağamalı qeyd edib ki, Salyanda 5 rayonu özündə birləşdirən Regional Təhsil İdarəsinin rəhbəri təhsillə əlaqələsi və anlayışı olmayan, əvvəllər iqtisadi sahədə çalışan insandır: “Bu cür hallar çoxdur. Bu kimi problemlərin aradan qaldırılması üçün qanunvericilik bazasında daha optimal yollar tapmalıyıq ki, belə hallara yol verilməsin. Digər tərəfdən bu gün repetitor bizə ciddi problemlər yaradır. Bu məsələnin müzakirəsinin qanunvericilikdə əks olunmasına ehtiyac var”.

O həmçinin əlavə edib ki, bu gün məktəbi bitirən təxminən 100 mindən çox məzunun yarısı təhsildən kənarda qalır: “Ona görə də texniki peşə məktəblərinə həmin məzunların cəlb olunması mütləqdir. Eyni zamanda, peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Xahiş edirəm ki, parlamentin payız sessiyası müddətində təhsillə bağlı geniş xarakter daşıyan dinləmələr keçirilsin”.

Anar Kəlbiyev