Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycanın gənclərdən ibarət qrup komandası ikinci medalını qazanıb.

"Unikal" xəbər verir ki, beş topla final yarışlarında komandamızın çıxışı 31,200 xalla qiymətləndirilib və gimnastlarımız bürünc medala sahib olublar.

Bolqarıstan komandası 32,100 xalla birinci, İsrail gimnastları 31,900 xalla ikinci pillədə yer alıblar.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız daha əvvəl çoxnövçülük proqramında da bürünc medala yiyələnib.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.

xxx

20:54

Azərbaycanın gənclərdən ibarət qrup komandası Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günündə iki bürünc medal qazanıb.

"Unikal" xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv çoxnövçülük və 5 topla hərəkətlərdə fəxri kürsüyə qalxıb.

Qrup komandası 5 topla hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq, üçüncü yeri tutub. Kollektiv 5 iplə hərəkətlərdə isə 28.500 xal toplayaraq dördüncü olub.

Azərbaycan komandası təsnifatda 5 ip (29.450) və 5 topla (29.000) hərəkətlərin cəmində isə 58.450 xal alaraq bürünc medala layiq görülüb.