Dünyada turizm sənayesi ölkələrdə koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasından sonra tədricən bərpa olunmağa başlayıb. BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatına görə, keçən il 900 milyondan çox insan beynəlxalq səyahətlər edib.
"Unikal" xəbər verir ki, “Ümumdünya Səyahət və Turizm Şurası” qeyri-hökumət assosiasiyasının hesabatına görə, turistlərin ən çox pul xərclədiyi dünyanın on şəhəri məlum olub.
Hesabatda bildirilir ki, bir çox səyahətçi Yaxın Şərq və Avropada daha çox pul xərcləyir.
Ötən il turistlər üçün ən bahalı şəhər Dubay (BƏƏ) olub və burada beynəlxalq səyahətçilər 29,42 milyard dollar xərcləyib. Turistlər Dohada (Qətər) - 16,79 milyard dollar, Böyük Britaniyanın paytaxtı Londonda isə il ərzində 16,07 milyard dollar xərcləyiblər.
Makaoda (Çin) - 15,58 milyard dollar, Amsterdamda (Hollandiya) - 13,59 milyard dollar, İstanbulda (Türkiyə) - 13,13 milyard dollar xərcləyən turistlər İspaniyanın Barselona şəhərində 12,73 milyard dollar, Nyu-Yorkda (ABŞ) 12,45 milyard dollar və Sinqapurda 10,97 milyard dollar pul qoyublar.
Turistlərin ən çox pul xərclədiyi on şəhəri tamamlayan şəhər Parisdir (Fransa) - 9,76 milyard dollar.
Gülayə Mecid