Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsi təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “İran İslam Respublikasına qarşı sahəvi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” 2023-cü il 27 may tarixli qərarının təsdiq edilməsi barədə qərar layihəsində deyilir.

Sənədə əsasən, İran İslam Respublikasına qarşı sanksiyalar 50 il müddətinə tətbiq edilir və ticarət əməliyyatlarına tam qadağa, Ukrayna ərazisində resursların tranzitinin, uçuşların və daşımaların dayandırılması, kapitalın çıxarılmasının qarşısının alınması daxildir.

Sanksiyaların icrası və icrasına nəzarət Nazirlər Kabineti, Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Milli Bank və digər səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilməlidir. 

Həmçinin İrana hər hansı sərmayə qoyuluşunun və rezidentlər tərəfindən texnologiyanın, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsinə qadağa qoyulması təklif edilir.

Bundan başqa, İran İslam Respublikasının rezidentləri tərəfindən verilən elektron ödəniş vasitələrinin (xüsusən də köçürmələr, hesablaşmalar və nağd pul çıxarılması) dayandırılması təklif edilir. 

Həmçinin, Milli Banka İran tərəfindən idarə olunan beynəlxalq ödəniş sistemini qeydiyyatdan keçirməsi qadağandır.