"Bu görüşün kifayət qədər böyük əhəmiyyəti var. Avropa Birliyinin aparıcı ölkələrindən biri olan Almaniya təmsilçisinin də burada iştirak etməsi, əslində, Fransanı kompensasiya etmə məqsədi daşıyır. Yəni, bizim xeyrimizə iştirakdan söhbət getmir".
Bu sözləri "Unikal"a millət vəkili Fazil Mustafa bu gün Moldovada keçiriləcək beştərəfli görüş haqqında açıqlamasında deyib.
Deputat bildirib ki, Şoltsun beştərəfli görüşdə iştirakı bizim xeyrimizə deyil: "Bu, Ermənistana hansısa formada dəstək vermək, onu tək buraxmamaq məqsədi ilə edilir. Hesab edirəm ki, bu, yenə də Azərbaycanın prinsipal mövqeyinin orada səslənməsinə mane olmayacaq. Hər halda Almaniya Fransa deyil. Ermənistanın haqsız mövqeyini birmənalı şəkildə dəstəkləməyəcək. Üstünlük bizdədir və bütün hallarda öz mövqeyimizi səsləndirəcəyik, proseslər nəzarətimiz altındadır.
Şoltsun beştərəfli görüşdə iştirakı bizim xeyrimizə olmasa da, hesab edirəm ki, tədbirə daha mötəbərlilik qazandırır. Ona görə də bu məsələdə hər hansı bir narahatlığa əsas yoxdur".
F.Mustafa Azərbaycan-Ermənistan məsələsinin Avropa Birliyi müstəvisində həll edilə bilməyəcəyini yəqin edib: "Biz Xankəndidə və başqa bölgələrdə ermənilərin inteqrasiya yolu ilə Azərbaycan vətəndaşlığını qəbul etməsi istiqamətində təklifləri də vermişik. Nəticənin nə olacağını indidən demək çətindir. Hər halda Avropa Birliyi müstəvisində bu nəticənin həll olunması real görünmür. Yəni bu, daha çox iki məkanda ola bilər - ABŞ və Rusiya. Onlar da bir-birini qəbul etməyəcək. Ona görə də AB-nin yanaşması hər iki dövlətin müəyyən dərəcədə qərar alması istiqamətində prosesə hazırlama mahiyyəti daşıyır".
Ağarza Elçinoğlu