Türkiyə Neft Şirkəti (TPAO) Xəzər regionunda yeni layihələr hazırlamaq və əlaqələri genişləndirmək məqsədi daşıyır.
“Unikal” xəbər verir ki, bunu TPAO-nun baş direktoru Melih Xan Bilgin deyib.
O xatırladıb ki, Azərbaycanın müstəqillik illərində TPAO Azərbaycanın enerji sektoruna sərmayə qoyub, mühüm layihələr həyata keçirib.
“Bu gün Türkiyə Azərbaycanda böyük neft və qaz layihələrində fəal iştirak edir. İnvestisiyaların həcmi 15 milyard dolları ötür. Biz Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlığı inkişaf etdirməyə, yeni layihələrdə iştirak etməyə, bununla da ölkələr arasında əlaqələri gücləndirməyə çalışırıq”.
Bilgin daha sonra Qara dənizdə böyük qaz yatağının işlənməsinə diqqət çəkib. “Biz yalnız səyahətin əvvəlindəyik. Artıq qaz hasilatına başlanılıb. Layihə üzrə işlər davam etdirilir”.
Bilginin sözlərinə görə, ilk mərhələdə hasilat 10 milyard kubmetr təşkil edəcək. “İkinci mərhələ Sakarya yatağından qaz hasilatını iki dəfə artırmaq məqsədi daşıyır. Gələcəkdə hasilatı ildə 40 milyarda çatdıracağıq”.