Ermənistanla Azərbaycan arasında münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə də mühüm töhfə verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibli ilk iclasının nəticələrinə dair bəyanatda deyilir.
Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə edilib.
Bundan əlavə, MTŞ-nin iclasında Rusiya ilə Ukrayna arasında davam edən müharibənin region üçün artan riskləri də vurğulanıb: “Türkiyənin münaqişələrin sona çatması, sülh danışıqlarının başlaması və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi səylərinə töhfə verməyə davam edəcəyi bildirilib”.
Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması, davamlı sülh və sabitliyin bərqərar olması ancaq onun terror təşkilatlarından təmizlənməsi ilə mümkün olacağı vurğulanaraq, münaqişədən qaçan suriyalıların könüllü, təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtması, sülh və firavanlıq içində həyat sürməsi üçün göstərilən səylərə töhfə verəcək beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib.
MTŞ üzvləri Kosovoda artan gərginliyin də bölgədəki tarazlığı poza biləcəyini, problemin böhrana çevrilməsinə imkan verməmək üçün dialoq və məsləhətləşmə prosesləri davam edərkən Türkiyənin regiona verdiyi dəstəyin əhəmiyyətini vurğulayıblar.