Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Göyşaban kəndində yerləşən “Panorama” çay evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a bildirilib ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində vətəndaşa məxsus birmərtəbəli mansard tipli çay evinin mansardında baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 650m² olan çay evinin taxta konstruksiyalardan ibarət mansardı 150m² sahədə yanıb. Çay evinin böyük hissəsi və ərazidəki digər tikililər yanğından mühafizə olunub.

***14:34

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hotelindədə baş vermiş yanğın söndürülüb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan yoxdur.

***14:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Göyşaban kəndində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. 

Əlavə məlumat veriləcək.