İyulun 15-də Osaküçə kənd sakini III qrup Vətən müharibəsi əlili Həbibov Sulduz Anar oğlunun toy şənliyində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və icra hakimiyyəti aparatının kollektivi də iştirak edib.

"Unikal" xəbər verir ki, icra başçısı yeni ailə quran cütlüyə xoşbəxtlik, ailə səadəti arzu edib. Taleh Qaraşov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə əlillərinə göstərdiyi diqqət və qayğıdan danışıb, dövlətin hər zaman onların yanlarında olduğunu vurğulayıb. Bildirilib ki, istər şəhid ailələrinin üzvlərinin, istərsə də müharibə əlillərinin tam qayğıyla əhatə olunması Lənkəran ŞİH-nin gündəlik fəaliyyət istiqamətlərindəndir. Taleh Qaraşov sözügedən kateqoriyadan olan vətəndaşlarımıza qayğı və diqqətin göstərilməsinin hər şeydən öncə mənəvi məsələ olduğunu ifadə edib.
 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  toyda rəqs edib və xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, Həbibov Sulduz Anar oğlu dövlət başçısının sərəncamları ilə Azərbaycan bayrağı ordeni, “Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və  "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.