Polisin qanuni tələbinə tabe olmayan “KamAZ” sürücüsü avtoxuliqanlıq edib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də saat 12 radələrində Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Tərəziyə dəvət olunan sürücü polisin qanuni tələbinə tabe olmayaraq avtomobili hərəkətə gətirərək patrul avtomobillərinin “Saxla” işarəsinə də məhəl qoymayıb.

Həmçinin manevr qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlərini davam etdirib, digər nəqliyyat vasitələrinin sürücülərinə qarşı da real təhlükə yaradıb. Görülən tədbirlərlə avtomobil dayandırılıb, bu zaman sürücü düşərək qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində o saxlanılıb.

Onun 37 yaşlı Balakən rayon sakini Asiman Əsgərov olması məlum olub və Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.