Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin qızı Lətifə xanımın və kürəkəni Damad bəyin nadir fotosu tapılıb. 

“Unikal” xəbər verir ki, foto Rəsulzadə irsinin tədqiqatçısı Nəcibə Bağırzadə tərəfindən aşkarlanıb. 

N.Bağırzadə fotonun tarixi barədə yazıb: 

“1941-ci il iyulun 21-də NKVD tərəfindən Məhəmməd Əmin Rəsulzadənin böyük qızı Lətifə xanımın həyat yoldaşı Damad Müslümzadənin Müsavat Partiyası Gənclər təşkilatının üzvü və Rəsulzadənin qohumu olduğu üçün həbs edilərək islah-əmək düşərgəsinə göndərilməsi haqqında qərar verilib. Lakin Damad bəy elə Bakıdaca güllələnib. Damad bəyin həbsindən bir neçə ay sonra ailəsi də Qazaxıstana sürgün edilib. Kiçik qızı Sona xəstə olduğu üçün onu anasınını əlindən alaraq uşaq evinə göndərib, sonradan kiməsə övladlığa veriblər. 32 yaşlı Lətifə xanımla kiçik qızı İşvə sürgündə aclıqdan və soyuqdan donaraq dünyasını dəyişib. Damad bəyin bəraət kağızı illər sonra ailənin sağ qalan yeganə övladı Füruzə xanıma göndərilmişdi. 

Damad bəydən yadigar qalan bu yeganə şəkil çəkiləndə yəqin ki, onlar ayrılığın, ölümün necə marığa yatdığından xəbərsiz olublar. Mən arxivlərin birindən Damad bəyin hələ ki, ailəsinin də görmədiyi bir şəklini də tapdım. Bu, onun son şəklidir”.