Türkiyə Baş Prokurorluğun tələbi ilə Ankara 5-ci Sülh Cəza Məhkəməsi İsveçdə Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarıb.

"Unikal" xəbər verir ki, məlumata görə, açıq mənbə araşdırmasında ötən gün Stokholmda polisin nəzarətində olan İran əsilli Bəhrami Mərcan adlı şəxsin Quranı yandırdığı müəyyən edilib.

Bundan sonra Baş Prokurorluq “xalqı açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək və ictimaiyyətin bir hissəsi tərəfindən mənimsənilmiş dini dəyərləri açıq şəkildə təhqir etmək” cinayətləri ilə bağlı araşdırmaya başlayıb.

Baş Prokurorluğun tələbi ilə Ankara 5-ci Sülh Cəza Hakimliyi də şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.

Ankara Respublika Baş Prokurorluğu bu il bəzi Avropa ölkələrində Məhəmməd peyğəmbəri və dini dəyərləri təhqir edənlər, həmçinin Quranın yandırılması ilə bağlı araşdırmalara başlayıb.

Bu çərçivədə İsveç, Danimarka və Hollandiyada Qurana hücum edən şübhəlilər, oxşar hərəkətləri həyata keçirən Rasmus Paludan və Edwin Wagensveld, Salvan Momika, Hanne Kronborg, Lars Theilade, Karin Jorgensen, Bjarne Petersen, Dion Oland Hansen, Toke Utzen Lorenzen, Philip Bagge, John Lydeking Andersen eyni cinayətlərə görə həbs ediliblər.

Baş Prokurorluq həmçinin hüquq-mühafizə orqanlarına oxşar əməlləri törədən şəxslərin və sübutların, eləcə də sözügedən adların müəyyən edilməsi ilə bağlı göstəriş verib.