Yunan Kipr Administrasiyasında pişiklərdə mədə iltihabına səbəb olan Pişik Koronavirusunun (FCoV) bir növü olan xəstəliyin yayılması nəticəsində hökumət hərəkətə keçib və pişiklərin müalicəsində koronavirus dərmanlarından istifadə ediləcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Yunan Kipr Administrasiyasında (GCA) minlərlə pişik "Pişik Yoluxucu Peritonit" olaraq da bilinən FIP xəstəliyi nəticəsində öldükdən sonra hökumət hərəkətə keçib.

Hökumətin verdiyi açıqlamada, Kənd Təsərrüfatı Nazirliyinin tövsiyəsinə uyğun olaraq, pişiklərin müalicəsi üçün koronavirus dərmanlarının istifadəyə veriləcəyi açıqlanıb.

Açıqlamada “İnsanlarda koronavirusa yoluxma hallarının müalicəsində istifadə edilən və artıq istifadə olunmayan preparatların ehtiyatları hazır vəziyyətə gətirilə bilər” deyilib. Dərmanlar baytarlıq xidmətləri vasitəsilə alınacaq. Heyvan fəalları adanın "ölü pişiklər adasına çevrildiyi" barədə xəbərdarlıq edərək, xəstəliyin "bir milyon pişik əhalisinin böyük bir hissəsini öldürə biləcəyini" iddia ediblər.

Kipr Rum Baytarlıq Dərnəyi isə "300 minə qədər pişiyin öldüyü" xəbərlərinin "şişirdilmiş" olduğunu və bu rəqəmin 10 mindən aşağı olduğunu qeyd edib.