Ekspert Gülər Cəfərova Azərbaycanda yaradılmış qadın sığınacaqlarının rolundan danışıb.

O, "Unikal"a açıqlamasında bildirib ki, hazırda sığınacaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilmiş «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə» layihə çərçivəsində yaradılır:

"Komitənin məlumatına görə, bu məqsədlə müvafiq kadr bazası formalaşdırılıb, işçilərin ixtisasının artırılması üçün zəruri işlər görülür. Bu zaman xarici ölkələrin müvafiq təcrübəsindən də istifadə olunur. Qeyd edək ki, sığınacaqların yaradılması məsələsində əsasən Türkiyə təcrübəsi öyrənilir. Bu,mənim fikrimcə,Türkiyənin bizimlə eyni soya,oxşar mentalitetə və ailə quruluşlarına malik olması ilə bağlıdır. Türkiyədə qadınlar üçün 1400 sığınacaq evi var. İstanbulda 105 nəfərlik qapalı sığınacaq varkən, bu say İzmirdə 146, Ankarada 148, Konyada 177, Adanada 218-dir. 

Bu işlər üzrə daha da mükəmməl addımlar atmaq üçün ixtisaslı mütəxəssislərə hər zaman ehtiyac olmuşdur. Bu səbəbdən də Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistr pillələrində sosial iş ixtisası üzrə mütəxəssislər hazırlanır. Statistikaya görə, Azərbaycanda 2023-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlərin sayı əvvəlki illərlə müqayisədə təxminən 30% artıb. Bu statistika tam gerçəyi əks etdirmir, çünki qurbanların çoxu aidiyyatı qurumlara müraciət etmir, kənar müdaxilələrin təsiri altında ya qorxaraq,ya utanıb çəkinərək,ya da zorakılıqla önü kəsilərək geri addım atır. Zorakılığın qurbanlarına dəstək göstərilməsi üçün ölkədə bir neçə qadın sığınacaqları fəaliyyət göstərir. Qadınlar üçün ilk sığınacaq “Təmiz Dünya “İctimai Birliyində 2002-ci ildə fəaliyyətə başlayıb. Sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır. Bu, əsas məsələdir. Eyni zamanda, müəyyən sayda sığınacaqların yaradılmasına ehtiyac var.Əsas məqsəd münaqişəli ailələrdən qovularaq, küçə həyatına məruz qalan, çarəsiz, evsiz-eşiksiz uşaqların və qadınların əmin əllərdə olmasıdır.

Azərbaycanda 2010-cu ildən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun tətbiq edilir. Qanuna əsasən, zorakılıq edən şəxs həbs olunmazsa, zərərçəkmiş şəxsə qısa və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Məişət zorakılığından müdafiə üçün bu qaynar xətlər fəaliyyət göstərir:

* Daxili İşlər Nazirliyi – 102;
* Baş Prokurorluq – 961;
* Gender əsaslı zorakılığla bağlı qaynar xətt – 012 860;
* Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi – 012 498 00 92;
* Ombudsman – 012 916;
* Təcili Tibbi Yardım – 103.

Bütün bunları bilmək ondan ötrü lazımdır ki,zorakılığa uğramış qadınlara təkcə psixoloji və ya hüquqi yardım ilə kömək etmək mümkünsüzdür. Həmçinin qanunvericilik bazası mükəmməl olmalıdır.Amma burada ən pis və arzuolunmaz hal odur ki, qadına qarşı zorakılıq törətmiş tərəf məhkəmədən bəzən yalnız cərimə cəzası ilə canını qurtara bilir.

Çünki bu işə cinayət işi kimi yox, inzibati iş kimi baxılır. Kənar “ailəcanlı” müdaxiləçilərin təsiri ilə  həmin ailələrlə müəyyən tədbirlər,işlər aparılmadığı hallarda bu kimi zorakılıq halları və qadına şiddətin sayı artır.Daha bəsit dildə sadə bir nümunə göstərsək,evdən çıxmış qadın çox vaxt qohumlar tərəfindən həyat yoldaşının yanına geri dönməyə məcbur edilir. Bu zaman qadına qarşı bütün arzuolunmaz hallar daha da ayaq alır,qarşı tərəfin özbaşınalıq və arxayınlıq hissi ilə zorakılıq halları daha da çoxalır.

Cəmiyyətimiz adına bu utancın qarşısının alınması və qadınlara,uşaqlara qarşı istənilən hüquqi,psixoloji,mənəvi dəstəyin verilməsi üçün əlimizdən gələni etmək və ən azından çalışmaq bir qadın olaraq həm mənim arzum,həm də hər kəsdən ricamdır.Susmayın,susdurmayın,gördüyünüz heç bir haqsızlığa göz yummayın və boş verməyin.Sabah bu hallara məruz qalan bizim özümüz və yaxınlarımız ola bilər.Azərbaycan dövlətinə və cəmiyyərimizə sınıq,savadsız,bədbəxt insanlar yox,güclü qadınlar lazımdır.Güclü və xoşbəxt qadın gələcəyimizin xoşbəxt günləri deməkdir;Güclü,xoşbəxt və özgüvənli anadan da eyni potensiallı övlad doğulacaq.Əks-təqdirdə göz yaşlarını silməyə və ancaq özünü sakitləşdirməyə çalışan qadından gələcəyimizi təmin edəcək övladlar gözləməyin…".

Seymur Əli