Kərəm Həsənovun komitəsinin müəmmalı sazişi
12:57 28-03-2013
İQTİSADİYYAT
Bu qurum ictimaiyyəti maraqlandıran məsələlərdə susqunluğa üstünlük verir, bəs harda qaldı şəffaflıq?
Bir neçə gün əvvəl məlumat yayılıb ki, Əmlak Məsələləri Dövlət Komitəsi "KPMG Azerbaijan Limited" şirkəti ilə məsləhət xidməti üzrə saziş bağlayıb. Ən maraqlısı isə burasıdır ki, Kərəm Həsənovun komitəsində məsləhətin xarakteri barədə şərh vermək istəmirlər.
Bu isə məlum sazişlə bağlı şübhəli nüanslar yaradır. Hər halda həmin razılaşma dövlət sirləri kateqoriyasına aid deyil və onun mahiyyəti barədə təfərrüatlı bilgi almaq ictimaiyyətin və mətbuatın hüququdur. Elə isə adıçəkilən Dövlət Komitəsinin "KPMG Azerbaijan Limited" şirkətindən alacağı məsləhətlərin istiqaməti və məzmunu niyə qapalı saxlanılsın ki?
Digər tərəfdən, Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, ƏMDK ilə KPMG arasında sazişin qiyməti 172,3 min manatdır.
Bu ilin yanvarında ƏMDK “Azərboru” SC-nin səhmlərinin 97%-nin özəlləşdirilməsi üzrə məsləhətçi seçimi üçün tender elan edib. Əgər söhbət bu müəssisədən gedirsə, KPMG “Azərboru” SC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin keçirilməsi üçün sənəd paketi hazırlayacaq və onun maliyyə-təsərrüfat fəaliyyətini qiymətləndirəcək. Şirkət ƏMDK-yə müəssisənin profilinin saxlanması və ya dəyişdirilməsi, zəruri investisiya həcmi barədə məsləhət verəcək.
Burada daha bir ilginc məqam ondan ibarətdir ki, 2012-ci ilin avqustundan “Azərboru” ASC ətrafında proseslər gedir və Kərəm Həsənovun komitəsi bu mövzuda susur. O vaxtdan müəssisənin menecmentinə “Baku Steel Company” (BSC) MMC-dən şəxslər gəlib. Sumqayıt şəhər İcra Hakimiyyəti hətta ictimaiyyətə belə məlumat verib ki, Əmlak Məsələləri Dövlət Komitəsi adıçəkilən müəssisənimüəssisəni BSC-nin idarəçiliyinə verib.
O da diqqətçəkəndir ki, bu məsələdə adları keçən maraqlı tərəflər təkzib verməyib. “Baku Steel Company” MMC mətbuat katibi isə şirkətin “Azərboru” ASC-yə olan marağını inkar etməyib.
BSC hazırda polad əritmə gücünü ildə 350 min tondan 500 min tonadək artırır. O, 2012-ci ildə Türkiyə-Azərbaycan “DHT Metal” MMC müəssisəsini (ildə 200 min ton armatur istehsal edir) alıb. Həmçinin “Bakı Poladtökmə” ASC-ni idarə edir. Yerli KİV yazıb ki, “Baku Steel Company” “Daşkəsən Filizsaflaşdırma” ASC-ni ələ keçirmək istəyib. Bu mövzu aktuallığını itirməyib.
“Azərboru” ASC 2004-2006-cı illərdə Britaniyanın “Targol İnvestment Limited” şirkətinə satılıb. 50 milyon dollar investisiya öhdəliyi yerinə yetirilmədiyi üçün müqavilə məhkəmə qaydasında ləğv edilib.
Bir sözlə, ölkə rəhbərliyi dövlət qurumlarının şəffaflığının və hesabatlılığının, ictimaiyyətə açıqlığının artırılması ilə bağlı davamlı şəkildə göstərişlər versə də, bəzi nazirlik və komitələr bu istiqamətdə hər hansı irəliləyişə can atmaq istəmirlər. Elə yuxarıdakı nümunələrdən də bu, açıq görünür.
Maraqlıdır, Kərəm Həsənovun rəhbərlik etdiyi komitə belə informasiya qapalılığı şəraitində cəmiyyəti hansı şəffaf fəaliyyətinə inandıra bilər?
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00