Azərbaycan məmurlarının müdhiş özbaşınalıq statistikası
12:32 29-03-2013
İQTİSADİYYAT
Azərbaycan məmurlarının müdhiş özbaşınalıq statistikası
İl ərzində Ombudsman Aparatına vəzifəlilərdən daxil olan minlərlə şikayət nəyi göstərir?
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə kifayət qədər tədbirlərin həyata keçirilməsinə baxmayaraq, etiraf edilməlidir ki, ölkədə insan hüquqları sahəsində həllinə ehtiyac duyulan bir sıra problemlər hələ də yaşanmaqdadır. Xüsusən, məmurlar tərəfindən vətəndaşların insan hüquq və azadlıqlarının pozulması dövlətə, dövlət orqanlarına qarşı etimadın azalmasına səbəb ola bilər. Bu isə demokratik vətəndaş cəmyyətinin formalaşdırılması məqsədini qarşısına qoyan dövlət üçün müsbət nəticə kimi qiymətləndirilə bilməz.
Məhz bu kimi amillərin mövcudluğunu nəzərə alan dövlət rəhbəri keçirdiyi müşavirədə məmurlara vətəndaşlarla münasibətdə maksimum məmnunluğun təmin olunması tapşırığı verdi. Vətəndaşlara xidmətin dövlət məmurlarının vəzifə borcu olduğunu diqqətə catdıran dövlət başçısı həmçinin vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi istiqamətində bir sıra addımlar atdi. Belə ki, elektron hökumətin və “ASAN Xidmət”in yaradılması artıq məmur özbaşınalığı sahəsindəki bir sıra neqativ halların aradan qalxması ilə nəticələnib. Lakin buna baxmayaraq hələ də bir sıra harınlamış məmurlar tərəfindən vətəndaşların insan hüquq və azadlıqlarının pozulması halları davam etməkdədir.
Heç kimə sirr deyil ki, hazırda müxtəlif dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən vətəndaşların Konstitusiya ilə təmin olunmuş insan hüquq və azadlıqlarının pozulması adi hala çevrilib. Bu hüquqlar daha çox məmurlar tərəfindən vətəndaşların qəbulu, müraciət və şikayətlərinə baxılması prosesində təzahür edir. Son illərdə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu müşkül məsələyə çevrilib. Nəticədə vətəndaşlar elementar məsələlərin həlli məqsədilə aylar, günlər, bəzən isə illərlə icra orqanlarının qapılarını döyməli olurlar. Vəziyyət o həddə çatıb ki, vətəndaş övladının təhsil aldığı məktəb direktorunun qəbuluna düşmək üçün günlərlə işindən olmalı, qanunsuz fəaliyyət göstərən mənzil istismar sahələrindən adicə arayış almaqdan ötrü günlərini boşa verməlidir.
Məlumat üçün qeyd edək ki, Ombudsman Aparatına bir il ərzində vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul edilməməsi və müraciətlərə cavab verilməməsi ilə bağlı minlərlə şikayət daxi olub (olaylar.az). Araşdırma zamanı məlum olub ki, doğrudan da yerlərdə vəzifəli şəxslər vətəndaşlarla işləməkdə maraqlı deyillər. Vətəndaşları qəbul edərək onların şikayətlərinə baxmaq, qanunvericilikdə nəzərdə tutulmuş qayda və müddətdə həll etmək və yaxud aidiyyatı üzrə göndərilməsi barədə izahat verilməsi vəzifəli şəxslərin birbaşa vəzifə borcu olmasına baxmayaraq, bu vəzifələrin icrasında çox ciddi problemlər mövcuddur. Bu problemlər ilk növbədə vətəndaşların qəbulu ilə başlanır ki, indiki şəraitdə məmurların, xüsusilə icra başçılarının qəbuluna düşmək qeyri-mümkündür. Müşahidələr göstərir ki, belə vəziyyət icra hakimiyyəti orqanları tərəfindən süni surətdə yaradılır.
Qeyd edək ki, icra hakimiyyətləri orqanlarında çalışan adi vəzifəli şəxslər özbaşına vətəndaşların problemlərini həll etmək iqtidarında deyillər. Çünki bütün şikayət və ərizələr ən azı şöbə müdirləri tərəfindən baxılmalıdır ki, onların da qəbuluna düşmək elə də asan məsələ deyil. Buna ilk növbədə aparat işçiləri, xüsusən mühafizəçilər və müvafiq şöbənin əməkdaşları müxtəlif yollarla mane olurlar. Bütün cəhdlərə baxmayaraq, vətəndaşa yalnız qəbul günlərində şöbə müdirinin qəbuluna gəlməsi tövsiyə edilir. Əslində bu dövlət idarəçiliyi baxımından tamamilə normal məntiqdir. Ancaq qəbul günlərində şöbə müdirinin sifətini görmək elə də asan məsələ deyil. Hazırki şəraitdə icra hakimiyyəti orqanlarında qəbul günləri yalnız vətəndaşların başını aldatmaq, onların emosiyalarını cilovlamaq məqsədi güdür. Baxmayaraq ki, dövlət başçısının tövsiyələrinə əsasən icra başçıları yerlərdə vətəndaşlarla birbaşa görüş keçirir, “açıq qapı” günləri təşkil edir.
Məlumata görə, belə tədbirlərdə vətəndaşlara verilən vədlərin icrası günlərlə mümkün olmur. Son vaxtlar isə qəribə bir vəziyyət yaranıb ki, məmurlar tərəfindən israrla hüququnu tələb edən vətəndaşlara qarşı şantaj və hədə-qorxu xarakterli tədbirlərə cəhd edilir. Redaksiyaya daxil olan müraciətlərdən belə halların daha çox regionlarda müşahidə olunduğu bəlli olur. Qəbul günləri əslində formal xarakter daşıdığından vətəndaşların pozulmuş hüquqlarının davam etməsi üçün vasitəyə çevrilib. Çünki həmin qəbul günlərində “icra başçıları Bakıda olduğundan” onları heç bir səlahiyyəti olmayan şöbə müdirləri əvəz edir ki, bu zaman şikayət və müraciətlər həllini tapmamış qalır. Vəziyyətdən çıxış yolu kimi isə vətəndaşlara şablon şəkildə hazırlanmış cavabların göndərilməsi prosesi tətbiq edilir. Ayda bir, yaxud iki dəfə təşkil edilən qəbul günləri formal keçdiyindən vətəndaşların şikayətlərinə aylarla baxılmamış qalır.
Yeri gəlmişkən onu da qeyd edək ki, vətəndaşların hüquqları yalnız icra hakimiyyətləri orqanları tərəfindən deyil, həm də yerli özünüidarə orqanları tərəfindən pozulur. Xüsusən, torpaqların bələdiyyələr tərəfindən deyil, hərrac və müsabiqə yolu ilə vətəndaşlara satılması barədə dövlət başçısının imzaladığı sərəncamdan sonra vətəndaşlar icra hakimiyyətləri ilə bələdiyyələrin qapılarında qalıblar. Reallıqda isə iş yerlərində tapılmayan bələdiyyə sədrlərini istənilən kənar yerdə tutaraq problemi razılaşma yolu ilə həll etmək mümkündür. Bəziləri üçün çox kiçik görünən belə problemlərin aradan qaldırılmaması nəticə etibarilə Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir.
Belə halları nəzərə alan məmurlar sadəcə vətəndaşları dinləməklə dövlətin müsbət imicinin formalaşmasında böyük rol oynaya bilərlər. Çünki müasir dünyada insan hüquq və azadlıqlarının müdafiəsi önə çəkildiyindən Azərbaycanda da bu sahədə xüsusi tədbirlərin həyata keçirilməsi dövlətin prioritet vəzifəsinə çevrilib. Etiraf edilməlidir ki, demokratik inkişaf yolu seçmiş Azərbaycanda həm qanunvericilik sahəsində, həm də konkret fəaliyyətdə bu istiqamətdə çoxlu işlər görülüb. Ali qanunverici orqan tərəfindən insan hüquqlarının müdafiəsi ilə əlaqədar təkmil qanunverici baza yaradılıb, bir sıra beynəlxalq konvensiyalar ratifikasiya edilib.
Milli qanunvericiliyə əsasən dövlət tərəfindən insan hüquqları sahəsində qəbul edilən qərar və proqramların həyata keçirlməsini müvafiq icra strukturları həyata keçirməlidir. Lakin müxtəlif icra strukturlarının insan hüquq və azadlıqlarının təmin olunması məsələsinə biganə yanaşması nəticə etibarilə Azərbaycan dövlətinin beynəlxalq imicinə xələl gətirmiş olur.
Alim
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00