Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkənin Avropa perspektivini təşviq etmək səylərini yüksək qiymətləndirir.

“Unikal” xəbər verir ki, bu barədə Avropa Şurasının saytında yayılan bəyanatda deyilir. 

Hökumətin qadağasına baxmayaraq, Gürcüstan prezidenti Brüsselə gedib və burada Şarl Mişellə qeyri-rəsmi görüş keçirib. Bu isə ölkədə siyasi qalmaqala səbəb olub.

Bundan əlavə, Avropa Şurasının sədri Gürcüstana Avropa perspektivinin verilməsi qərarını əldən qaçırılmaması üçün tarixi fürsət kimi vurğulayıb.

O, Aİ-nin Gürcüstana Avropa yolu ilə irəliləyişində dəstək vermək öhdəliyini bir daha təsdiqləyib və ölkədə zəruri islahatların, xüsusilə ədalət mühakiməsi, de-oliqarxizasiya, korrupsiya ilə mübarizə və media plüralizmi sahələrində daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Bu arada hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası hökumətin imtinasına zidd olaraq xarici səfərə çıxan ölkə prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq üçün parlament çoxluğundan olan deputatlar arasında imza topladığını elan edib. Belə ki, Gürcüstan prezidenti hökumətin xarici səfərlərdən imtina etmək tələbinə məhəl qoymayaraq Konstitusiyanı pozub. Prezident administrasiyası bildirib ki, səfərin məqsədi Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşməkdir.