Qəsdən adam öldürmə ittihamı ilə İnterpolun qırmızı bülleteni ilə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə ekstradisiya edilib.

“Unikal” xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun saytında məlumat verilib.

İdarədən verilən məlumata görə, cinayətkar 2022-ci il sentyabrın 8-də İstanbulda baş vermiş qəsdən adam öldürmə maddəsi ilə axtarışda olub. O cümlədən, istintaq müəyyən edib ki, axtarışda olan şəxsin qəsdən törətdiyi qətl silahlı cinayətkar təşkilatlar arasında münaqişə ilə bağlıdır.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 2022-ci il oktyabrın 12-də ekstradisiya məqsədilə Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan həmin şəxsi həbs ediblər.

Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında 2023-cü il fevralın 15-də Gürcüstan məhkəməsi sözügedən şəxsin Türkiyəyə ekstradisiyasını məqbul elan edib.

Daha sonra Gürcüstanın ədliyyə naziri adıçəkilən şəxsin ekstradisiyası ilə bağlı yekun qərarı verib.

Nuranə Abbasova