Kərəm Həsənov prezidentin göstərişinə qarşı
10:57 02-04-2013
İQTİSADİYYAT
Kərəm Həsənov prezidentin göstərişinə qarşı
Qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı baş verənlərin müdhiş pərdəarxası
Bildiyiniz kimi, artıq uzun müddətdir ki, prezident İlham Əliyevin tapşırığına əsasən paytaxt və regionlarda qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına xüsusi tapşırıq verilib. Bu tapşırığın verilməsindən uzun müddət keçməsinə baxmayaraq, hələ də problemlər özünü göstərməkdədir.
Qeyd edək ki, prezidentin göstərişinə əsasən bu prosesin həyata keçirilməsi istiqamətində hər hansı bir qanunsuz hərəkətə yol verilməməli idi. Hətta prezident onu da bildirib ki, məsələnin həlli üçün şəffaf mexanizm işlənməli, korrupsiya, rüşvətxorluq tamamilə aradan götürülməlidir.
Ancaq işin gedişatı onu göstərir ki, verilən tapşırığa əməl etməyənlər də az deyil. Belə ki, bir qrup sakinin sözlərinə görə, evlərini sənədləşdirmək haqqında prezidentin tapşırığını eşidəndə çox seviniblər, nə yazıq ki, bu xoşbəxtlik uzun sürməyib. Onların narazılığının əsas qismi isə Əmlak Məsələləri Dövlət Komitəsindəndir. Belə ki, Kərəm Həsənovun komitəsi sənədləşmə üçün müraciət edən vətəndaşları bürokratik əngəllərlə baş-başa qoyub. Onlar aidiyyatı qurumlardan gərəkən sənədləri alsalar da, son instansiya - Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidmətinin regional şöbələrində həm süründürməçiliklə, həm də rüşvət faktı ilə üz-üzə qalırlar.
Qeyd edək ki, hələ qanunsuz evlərin sənədləşdirilməsi təzə başlayandan bəri Kərəm Həsənovun komitəsinin bu məsələdə nədənsə çox könülsüz tərpəndiyi, prosesi yubatmağa yönəlik cəhdlər içərisində olduğu məlum idi. Bunu indi xatırladacağımız bir məqam da təsdiqləyir; belə ki, 2011-ci ildə ölkə başçısının sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı verdiyi göstərişdən sonra bələdiyyələr əhalidən kütləvi sənəd toplamağa başlamışdı. Hətta bu məqsədlə bəzi qəsəbə və kəndlərdə əhalidən külli məbləğdə pul da toplanmışdı.
Amma sonradan evlərin sənədləşdirilməsi ilə bağlı qanunun olmadığı üzə çıxdı və bu səbəbdən də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) belə bir qanunun hazırlanması barədə göstəriş verildi. Elə həmin ilin payızında komitənin sədri Qərib Məmmədov jurnalistlərə verdiyi açıqlamasında deyib ki, artıq sözügedən qanun layihəsi müzakirə edilmək üçün Milli Məclisə göndərilib. Amma ötən ilin yaz aylarında məlum oldu ki, sən demə, bunlar da yalanmış və qanun layihəsi Əmlak Məsələləri Dövlət Komitəsində ilişib qalıb. Milli Məclisdən də təsdiq ediblər ki, parlamentə belə bir qanun layihəsi daxil olmayıb.
Daha bir maraqlı nüans: araşdırmalarımız zamanı məlum oldu ki, hələ 4 il əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyindəki Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Dünya Bankının xətti ilə qanunsuz tikililərin sənədləşdirilməsi üçün layihəyə başlasa da, bu proses də yarımçıq qalıb. Maraqlıdır, niyə? İndiyədək adıçəkilən komitə bu suala da təfərrüatı ilə, obyektiv aydınlıq gətirməyib.
Beləliklə, istər həmin vaxt, istərsə də indinin özündə Kərəm Həsənov və onun komitəsinin ölkə başçısının göstərişinin yerinə yetirilməsi istiqamətində pozitiv olmayan mövqeyi maraq doğurur. Komitə sədrinin ölkə rəhbərliyinin iradəsinə qarşı bu cür mövqeyi heç bir məntiqə sığmır və ölkədəki məmur özbaşınalığının pik nöqtələrindən biri sayıla bilər.
Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyindəki BTİ-lərdə əsl bazar açıldığını iddia edən mənbələrin sözlərinə görə, evlərin sənədləşdirilməsi üçün tələb olunan rüşvətin məbləği dəyişir. Villa tipli evlərə görə tələb olunan məbləğin hətta 30 min manat və daha yüksək olduğunu bildirənlər onu da vurğulayırlar ki, yaranmış vəziyyət ölkə başçısının tapşırığının mahiyyətinə tamamilə ziddir. Çünki prezidentin göstərişində prosesin şəffaf və vətəndaşlar incidilmədən aparılması tapşırılırdı, Kərəm Həsənovun komitəsi isə bunun tam əksi ilə məşğuldur.
Komitə sədrinin prezidentin göstərişinə bu sayaq münasibətinin nə qədər davam edəcəyini bilməsək də, sonda onun Həsənova nəyə baha başa gələcəyini proqnozlaşdırmaq çətin deyil. Hər halda gəlin unutmayaq ki, bu il seçki ilidir və məmurlardan ilk növbədə vətəndaşlarda narazılıq yaratmamaq, onları hökumətə qarşı çevirməmək tələb edilir.
Bunun əksi ilə məşğul olan hər hansı yüksək vəzifəli şəxs isə unutmamalıdır ki, seçkilərdən sonra formalaşdırılacaq yeni hökumət kabinetində yerini qorumaq imkanını zərbə altında qoyur.
P.S. Araşdırmalara görə, bu gün ölkədə təqribən 600-ə yaxın sənədsiz bina, 400 mindən artıq sənədsiz həyət evi, o cümlədən, 30 mindən çox sənədsiz mənzil var. Evlərin qeydiyyatsız olması sahiblərinin əmlak vergisindən kənarda qalması ilə nəticələnir. Bu da hər il dövlət büdcəsinə təxminən 100 mln. manatdan artıq vəsaitin daxil olmasının qarşısını alır.
Bunu ona görə xatırlatdıq ki, evlərin sənədləşdirilməsinin qarşısında maneyə çevrilənlərin, eyni zamanda bu prosesdə "bazar" açanların, ondan öz mənfəətləri naminə yararlanmaq istəyənlərin nəinki vətəndaşlara haqsızlıq, ölkə başçısının göstərişinə tabesizlik göstərdiyi, həm də dövlət büdcəsini hər il külli miqdarda vəsaitdən məhrum etdikləri aydın olsun.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55