Təxirəsalınmaz tədbirlər nəticəsində itkinlərdən 25 nəfərin şəxsiyyəti eyniləşdirilib.

"Unikal" xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, daha 10 nəfərin də şəxsiyyəti müəyyənləşdirilib və onlar aşağıdakılardır:

Tahirov Seyfulla Veytulla oğlu

Atamoğlanov Əbülfət Sabir

Hacıyev Təhsil Fikran

Əsədov Vüqar Babil

Xələfov Cahangir Məmi oğlu

Məmmədov Elmar İnqilab oğlu

Qasımov Veysəl Qasım oğlu

Əhmədov Riad Fikrət oğlu

Babaşov Əlhəm Tahir oğlu

Həsənov Vüqar Habil oğlu

***

11:05

"Bu konfrans ərəfəsində biz 9 hərbçi, bir nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

"Onların sırasından bizim əməkdaşımız olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun barəsində sizə ətraflı məlumat vermək istəyirəm. O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

Məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir. Otuz il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik", - deyə Ə.Nağıyev qeyd edib.