Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb. Türkiyə və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

 

***

14:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb.

“Unikal” xəbər verir ki, dövlət başçısının təyyarəsi Naxçıvan hava limanına enib.

***12:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

"Unikal" xəbər verir ki, dövlət başçısı artıq hava limanından yola salınıb. 

Bildirilib ki, Ərdoğanı səfər zamanı xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, həmçinin ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, Prezident Aparatının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sözçüsü Ömər Çelik və digər rəsmi şəxslər müşayiət edir.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

*** 09:35

Xəbər verdiyimiz kimi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Naxçıvana bir günlük səfər edəcək. 

"Unikal" xəbər verir ki, prezidentlər arasında keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunacaq, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, İlham Əliyev və Ərdoğan Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəklər. 

Ağarza Elçinoğlu