Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Bolqarıstan Respublikasının Burqas vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə, Bolqarıstanın Burqas vilayətində zonalaşma prinsipi nəzərə alınmaqla 10 kilometr radiusdakı məsafədə yerləşən müəssisələrdəki diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.