Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə "Unikal"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyini diqqətə çatdırıb.

Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

*** 20:30

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, nazirlər Qarabağ ətrafındakı vəziyyəti, o cümlədən erməni sakinlərə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər.

Onlar, həmçinin, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin perspektivlərini və nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər.

Tərəflər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.