"Azərbaycanda pul bazasında ardıcıl ikinci ay azalma qeydə alınıb. Belə ki, 1 sentyabr tarixinə ölkədə pul bazası 18 milyard 116 milyon manat olub. Bu isə əvvəlki ay il müqayisədə 146 milyon manat azdır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, son 2 ayda pul bazası 285 milyon manat azalıb:
"İki aylıq azalmalara rəğmən, ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində mövsümi faktorlar rol oynasa da belə inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər də xüsusi paya malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur".
Deputat qeyd edib ki, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımından arzuolunan deyil:
"Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir".