ATƏT-in mandatı nə zaman alınacaq?
11:54 05-04-2013
CƏMİYYƏT
ATƏT-in mandatı nə zaman alınacaq?
Müzakirələrin vaxtı hələ də bəlli deyil
ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi məsələsi gündəmdədir və görünən budur ki, Azərbaycan bu məsələdə təkidlidir. Hazırda isə məsələyə ATƏT-in Bakı ofisi reaksiya verib.
"ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi məsələsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunacaq. Hələlik ofis öz fəaliyyətini mandatına uyğun davam etdirir".
Bu fikirləri ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay deyib.O qeyd edib ki, bu məsələ Daimi Şurada konsensus əsasında həll olunacaq. Səfirin sözlərinə görə, iclasın nə zaman keçiriləcəyi məlum deyil: "Bunun nə vaxt baş verəcəyini söyləmək çətindir. Bu kimi məsələlərlə bağlı xüsusi prosedura mövcuddur. Bildiyim qədər, proses hələ başlamayıb, hələlik Vyanada məsləhətləşmələr gedir. Mandatın dəyişdirilməsi ilə bağlı sorğu göndərməyə Azərbaycan hökuməti özü qərar verir, bu məsələni dramatikləşdirmək lazım deyil. Əsas məsələ ofisin statusunun necə adlandırılmasında deyil, mandatın mahiyyətində, fəaliyyətindədir".
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Bakı Ofisinin statusunun azaldılması ilə bağlı ATƏT-ə sorğu göndərib.Maraqlıdır, nəzərdə tutulan dəyişikliklər nə ilə sonunclanacaq və ATƏT buna razılığını verəcəkmi?
Ekspertlər hesab edir ki, ATƏT-in Bakı ofisinin indiki statusu kifayət qədər böyükdür və bəzi hallarda bu səlahiyyətlər bu qruma imkan verir ki, ölkədə baş verən proseslərə bir başa müdaxilə etsin. Məsələn, ATƏT artıq uzun müddətdir ki, ölkədə dəfələrlə iqtidarla müxalifətin dialoqunu təşkil edib. Amma bəzi analitiklər hesab edir ki, bu Azərbaycanın daxili işlərinə müdaxilə həddində bir məsələdir. Yəni dialoq o ölkədə olar ki, həmin ölkədə vətəndaş müharibəsi olsun və hansısa təşkilat tərəfləri bir masa arxasında əyləşdirsin. Azərbaycanda isə belə problem yoxdur və ATƏT bu addımı atmaqla əslində ölkədə ki, siyasi qüvvələr arasında balans yaratmağa çalışır və bu müxalifətin xeyrinədir. Deməli, dolayı yolla ATƏT Azərbaycanın daxili işlərinə müdaxilə edir. Və yaxud uzun illər ATƏT ölkədə müxalifətin əksər aksiyalarının az qala əsas iştirakçısına çevrilib və dəfələrlə mövcud hakimiyyət bununla bağlı xəbərdarlıq etsədə aydın olub ki, ATƏT-in fəaliyyət mandatı buna imkan tanıyır və hər hansı bir qanunsuzluqdan söhbət gedə bilməz. Və nəhayət rəsmi Bakı ilə ATƏT arasında münasibətlər İctimai Palatanın yaranmasının ilk günlərində baş verdi. Belə ki, müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata fəaliyyətə başlayan kimi ATƏT-in üzvü olan ölkələrin diplomatik korpusu İctimai Palata ilə sistemli görüşlərə başladı və bu görüşlərdən sonra müxalifət aksiyalara start verdi. Nəticədə məlum oldu ki, İctimai Palatanın fəaliyyətinin tənzimlənməsində bu qurumun rolu var. Bu gün isə rəsmi Bakı artıq mandatın məhdudlaşdırılmasını istəyir. Ekspertlər bildirir ki, hakimiyyət buna nail olarsa ATƏT ən azından qarşıdan gələn prezident seçkilərində geniş heyətlə müşahidəçilik missiyasını həyata keçirə bilməyəcək. Bundan başqa ATƏT-in Bakı ofisi hər addımında xarici işlər nazirliyindən razılıq almalı olacaq. Maraqlıdır, bəs ATƏT bununla razılaşacaqmı? Ekspertlər bildirir ki, buna inam o qədər də çox deyil. Çünki ATƏT-də kifayət qədər dövlətlər var ki, Azərbaycana təzyiqlərin edilməsinin tərəfdarıdır. Mandat məhdudlaşarsa deməli bu təzyiqlərdə zəifləməli olacaq. Buna görə də hesab etmək olar ki, qarşıda ciddi gərginliklər olsun. Buda vurğulanır ki, ola bilər ki, ATƏT bu məsələnin müzakirəsini prezident seçkilərindən sonraya saxlasın. Bu isə o deməkdir ki, ATƏT-in Bakı ofisi fəaliyyətini hələ ki, olduğu kimi davam etdirəcək. Ekspertlər deyir ki, görünür bunu nəzərə alan ATƏT Azərbaycana yanaşmada daha çox loyal xətt tutmağa çalışır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00