Bakıda 3-4 nəfər uşaq içərisi su ilə dolu şarı binanın yuxarı mərtəbəsindən avtomobilin üzərinə atıblar. Nəticədə avtomobil sahibinə 5 min manatdan artıq ziyan dəyib. Hələlik həmin ziyanı heç kim qarşılamayıb. Avtomobil sahibi öz maddi vəsaiti hesabına onu təmir etdirib. İndi isə ona vurulan ziyanı tələb edir.

"Unikal" Xəzərxəbərə-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Avtomobilin sahibi, zərərçəkmiş Cəfər Fərzullayev bildirir ki, hadisə bir neçə ay bundan əvvəl baş versə də, ona dəyən maddi zərər hələ qarşılanmayıb. Üstəlik, məlum olub ki, nəqliyat vasitəsinə ziyan vuran uşaqlar qonşu binalarda yaşayırlar.

Faktla bağlı Yasamal rayonu, 29-cu polis bölməsinə məlumat verilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda fakt üzrə araşdırma gedir. Məsələyə yaxın zamanlarda hüquqi qiymət veriləcək və avtomobil sahibi bu barədə məlumatlandırılacaq.