"Müəllimin orta aylıq əmək haqqı ölkədəki orta aylıq əmək haqqından aşağıdır".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, müəllimlərin orta aylıq əməkhaqqı 2023-cü ilin sentyabr ayına olan məlumata görə, 830 manat təşkil edib:

"2023-cü ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 917 manat olub. 

Aydın məsələdir ki, müəllim əməyinin qiyməti nə bir dəstə güllə, nə hansısa hədiyyələrlə, nə də 900-1000 manat əmək haqqı ilə verilə bilməz. 

Müəllimin qiyməti onun yaratdığı dəyərdədir. Bu dəyər isə bizim savadımız, şəxsiyyətimiz, etikamız və cəmiyyətdəki rolumuzdur. Odur ki, biz hansısa əmək haqqı məbləği ilə müəllim əməyini qiymətləndirə bilmərik. Amma heç olmasa müəllim rəqəmlərə baxanda görməməlidir ki, onun orta aylıq əmək haqqı, ölkədəki orta aylıq əmək haqqından aşağıdır. 

Böyük ümidlərlə gözləyirəm ki, müəllimlərin əmək haqqının yüksəlməsinə imkan verən sertifikasiya prosesləri bütün istiqamətlər üzrə maksimal sürətlə tamamlanacaq və ən qısa müddətdə müəllimlər təkcə sözdə deyil, aldıqları əmək haqqında da orta statistik səviyyədən yuxarıda olacaqlar".