Rüstəm İbrahimbəyovun arxadan zərbəsi
11:06 06-04-2013
CƏMİYYƏT
Rüstəm İbrahimbəyovun arxadan zərbəsi
Ter-Petrosiyanla Rüstəm İbrahimbəyovun eyni mövqeyi
Bir müddət öncə gündəmə gələn və ciddi iddialarla çıxış edən Ziyalılar Forumu artıq son nəfəsini yaşayır. Belə ki, qurumun üzvü Əkrəm Əylislinin yazdığı və erməniləri haqlı çıxartdığı “Daş yuxular” romanından sonra cəmiyyətin bu təşkilata toplanan ziyalılara münasibəti tamam dəyişdi.
Düzdü həmin vaxt bəzi ziyalılar bildirdilər ki, Əkrəm Əylislinin yazdığı romana ziyalıların heç bir aidiyyatı yoxdur. Amma indi məlum olur ki, əslində Əkrəm Əylislinin yanaşması və bu ziyalıların bir araya gəlməsi təsadüf deyil və ciddi bir kompaniyanın tərkib hissəsidir. Bunu ən azından Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun verdiyi son açıqlamada təsdiq edir. R.İbrahimbəyov Rusiya mətbuatına verdiyi müsahibədə SSRİ-nin dağılmasından təssüfləndiyini bildirib. R.İbrahimbəyova görə, Dağlıq Qarabağ erməni torpağıdır və ermənilər münaqişənin qurbanlarıdır.
R. İbrahimbəyov hesab edir ki, münaqişəni hərbi yolla həll etmək cinayətdir: “Müharibə hər iki xalqa, insanlığa qarşı cinayətdir. 1914-cü ildə Sarayevoda baş verənlər Birinci Dünya Müharibəsinə səbəb oldu. Qarabağ hadisələri də Sovet İttifaqının dağılmasına təkan verdi. Bu hadisələr xəstə bədəndə çıxan xərçəng xəstəliyinə bənzəyir. SSRİ-nin dağılması faciələrə səbəb oldu. 21-ci əsrdə münaqişələrin hərbi yolla həlli yolverilməzdir. İndi bütün dünya müəyyən dərəcədə Qarabağ məsələsinin həlli ilə məşğul olur. İnsanlar arasında ünsiyyət yaradılmalıdır. Xalq diplomatiyası vacibdir. Erməni xalqı düşmənimiz deyil. Ermənilər və azərbaycanlılar faciənin qurbanlarıdır. Hər iki ölkənin xalqları evlərindən didərgin düşüb. Dövlətlər insanları müharibəyə sövq etməməlidir”.
R.İbrahimbəyova görə, azərbaycanlılar Dağlıq Qarabağa dönmək istəyir: “Amma bu torpaqlar təkcə azərbaycanlıların deyil. Oranın əhalisi əsasən ermənilərdən ibarətdir. İnanıram ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda ermənilərlə bir xalq kimi yaşayacaqlar. Ermənilər Azərbaycan vətəndaşı olaraq eyni hüquqlara malikdirlər. Onları necə fərqli keyfiyyətli insanlar kimi təqdim etmək olar? Ermənilərə qarşı nifrət hissi yaratmaq ciddi səhvdir. Biz gələcək naminə insani əlaqələr yaratmalıyıq ki, vaxt itirməyək”.
İndi isə gəlin müsahibədə ki, bəzi məqamlara baxaq. Rüstəm İbrahimbəyov həyasızcasına bəyan edir ki, Dağlıq Qarabağ ermənilərin yaşadığı bir ərazi olub. Bu nə deməkdir? Hələ 1988-ci ildə erməni politoloqlarından olan Şahnazaryan hazırladığı və SSRİ-in o zamankı rəhbəri Mixail Qarbaçova təqdim etdiyi sənəddə göstərirdi ki, Dağlıq Qarabağ ermənilərin sıx yaşadığı bir ərazidir və yerli sakinlər öz müstəqilliklərini tələb edirlər. İndi maraqlıdır, Şahnazaryanın illər öncə səsləndirdiyi bu tezislə Rüstəm İbrahimbəyovun səsləndirdiyi fikir arasında hansı fərq var. Və yaxud , Lissabon sammitindən öncə Ermənistanın o zamankı prezidenti Ter-Petrosiyan dünya ermənilərinin mövqeyini əks etdirən müraciət hazırlamışdı və orda bildirilirdi ki, Dağlıq Qarabağ ermənilərin sıx yaşadığı bir bölgədir və yerli sakinlər öz müqəddaratlarını həll etmək üçün ayağa qalxıblar. Maraqlıdır, dünya ermənilərinin səsləndirdiyi bu fikirlə Rüstəm İbrahimbəyovun verdiyi açıqlama arasında nə fərq var. Bu günün özündə Ermənistan tərəfi ATƏT-in Minsk qrupunda bu ideyanı gündəmə gətiriblər ki, insanların öz müqəddaratını həll etdirmək prinsipinə əsasən Dağlıq Qarabağ erməniləri öz müstəqilliklərini istəyir. Bu gün Rüstəm İbrahimbəyovun verdiyi bu açıqlamada bu ideyaya sadəcə bir dəstəkdir. Beləliklə aydın olur ki, istər Əkrəm Əylislinin, istərsə də Rüstəm İbrahimbəyovun atdıqları addımlar heç də təsadüfi deyil və ortada ciddi proseslər var. Bu proseslər nə ola bilər? İlk növbədə belə fikirlərin gündəmə gətirilməsi ilə beynəlxalq aləmdə belə fikir formalaşdırılır ki, əslində Dağlıq Qarabağın müstəqilliyini Azərbaycan cəmiyyəti və ziyalıları tanımağa hazırdır, sadəcə olaraq Azərbaycan hakimiyyəti bunun qarşısını alır. Belə bir ideyanın ortaya atılması isə Azərbaycan hakimiyyətinə təzyiqlərin artırılmasına şərait yaradır. Bunu da qeyd edək ki, bir il öncə Müsavat başqanı İsa Qəmbərdə Ermənistanda fəaliyyət göstərən bir partiya ilə saziş bağlayaraq, müharibənin başlamasının əleyhinə olduqlarını bəyan etmişdilər. Bu gün isə ziyalılar adından Əkrəm Əylisli , Rüstəm İbrahimbəyov belə bir xətt tutmaqla göstərirlər ki, ölkənin siyasi dairələri,ziyalıları artıq Dağlıq Qarabağın ermənilərə verilməsinə etiraz etmirlər.Belə çıxır ki, bu gün Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı tutduğu prinsipial mövqe ilə cəmiyyətin mövqeyi fərqlidir. Əslində Rüstəm İbrahimbəyovun atdığı addım məhz buna xidmət edir və yəqin ki, bunun fəsadlarını yaşayacağıq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22