Cənubi Qafqazda sülh region üçün böyük perspektivlər yaradacaq.
"Unikal" xəbər verir ki, bunu oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən zaman bildirib.
Mehrdad Bəzrpaş ilk növbədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.
Qonaq Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırdı və bunu çox mühüm hadisə kimi dəyərləndirdi. O, qeyd etdi ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutdu və ölkə suverenliyini bərpa etdi.
Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirdi.