Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib.

"Unikal" xəbər verir ki, TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında çıxış edən Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. İşğal bitsə də, onun ağır fəsadlarının hələ də qalmaqda olduğunu bildirən Baş prokuror Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığını qeyd edib. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğu və ya ağır yaralandığı bildirilib.

Həmçinin, Baş prokuror Azərbaycan Ordusu tərəfindən 1 ay öncə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirilərək ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb.