Lənkəran rayonunun sosial-iqtisadi inkişaf planına uyğun olaraq cari ildə də  abadlıq, təmir-bərpa işləri, vətəndaşların rahat hərəkəti və istirahəti üçün lazımi işlərin görülməsi davam etdirilir.

"Unikal" xəbər verir ki, ilboyu aparılan abadlıq-quruculuq işləri mütəmadi xarakter alıb. Rayonu digər inzibati ərazi vahidləri ilə birləşdirən bütün ana yollardakı, eləcə də şəhər ərazisindəki yolboyu hasarlar rənglənib, ağac dibləri ağardılıb, bütün ərazi davamlı olaraq kol-kosdan təmizlənib. 

Kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri hazırda şəhər ərazisindəki bir sıra küçə və prospektlərdə davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi, yeni bardurlərin qoyulması, habelə yolboyu hasar və həyət darvazalarının rənglənməsi işləri aparılır. 

Şəhərin mərkəzi küçələrindən olan Qala Xiyabanı küçəsində də təmir-bərpa işlərinə başlanılıb. Qeyd edək ki, sakinlərin arzu və istəkləri nəzərə alınaraq sıradan çıxmış travet listlər sökulərək yeni mərmər qarışıqlı beton plitələrlə əvəzlənir.

İnsanların zövqünü oxşayan abadlıq-quruculuq işləri Lənkəran sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır və yerli insanlar görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.