"Biz çalışmalıyıq ki, iqtisadiyyatın həcmi böyüsün. Həmçinin, ciddi rəqabət mühiti yaradılmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat qeyd edib ki, Azərbaycanda mütləq böyük özəlləşdirilməyə getmək lazımdır: "Sahibkarlar güclü kənar təsirlərdən qorunmalıdır. Bunun üçün güclü məhkəmə hakimiyyətinin yaradılmasına ehtiyac var”.
Q.Həsənquliyev quru sərhədlərinin bağlı qalması məsələsinə də münasibət bildirib: “Hazırda biz bilirik ki, quru yollar bağlıdır. Pandemiya bütün dünyada bitir. Bir məqamı da qeyd edim. Bizim sərhəd bölgəsinin insanları Azərbaycan dövlətinə inteqrasiya olunmağa başlayıb, sərhəd açıq olanda sərhəd ölkələrinə gedirdilər. Amma sərhədlərin bağlı qalmasından sonra belə hesablama aparılıbmı ki, nə itirmişik, nə qazanmışıq?! Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik. Sərhədlər açılandan sonra bizim itirdiklərimiz nə olacaq? Sərhədlər bağlı qalanda bizim büdcədə nə qədər qazanc əldə edilib?”
Anar Kəlbiyev