"Büdcə qalığının kəskin artması müəyyən suallar doğurur. Görünən odur ki, büdcədən maliyyələşən bəzi dövlət qurumları büdcəni xərcləyə bilmirlər və əvvəldən bəyan edirlər ki, daha çox vəsait lazımdır. Qalığın azaldılması üzərində ciddi iş aparılmalıdır ki, olmasın".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, son zamanlar dövlət büdcəsindən külli miqdarda mənimsəmələr olur və gedən məhkəmələr onu göstərir: "Hesablama Palatasının ya səlahiyyətində müəyyən artımlar etmək lazımdır, ya da daha ciddi tələblər irəli sürmək lazımdır. Məhkəmələrdə görürük ki, 100 milyonlarla vəsait dövlət büdcəsindən mənimsənilib. Bunun qarşısını ya vaxtında almaq, ya da əlavə tədbirlər görmək lazımdır ki, bu hallar təkrar olunmasın. Müharibə veteranına 80 manat veririk, onu artırmağa pul tapmırıq, amma dövlət büdcəsindən külli miqdarda mənimsəmələrin şahidi oluruq"
V.Əhmədov bölgələrdə iş yerlərinin açılmasının vacibliyindən danışıb: "Son vaxtlar iri şəhərlərdə iş yerləri açılır. Amma bölgələrdə vəziyyət acınacaqlıdır. Bölgələrdə iş yerləri yox səviyyəsindədir. 14 iqtisadi rayon var. Hər rayonda iş yerlərinin açılması ilə bağlı təkliflər olsun".
Anar Kəlbiyev