"ASAN xidmət" Ermənistanda keçirilmiş beynəlxalq tədbirdə diqqət mərkəzində olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, noyabrın 8-9-da İrəvanda BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Asiya-Sakit Okean İnformasiya Supermagistralının Rəhbər Komitəsinin yeddinci sessiyası və İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin regional icmalına dair tədbir keçirilib.Tədbirin məqsədi Asiya və Sakit okean hövzəsi ölkələrində rəqəmsal texnologiyaların və ağıllı cəmiyyət quruculuğu istiqamətində uğurlu təcrübələrin təşviqi, o cümlədən Asiya-Sakit Okean İnformasiya Supermagistralının İşçi qruplarının illik hesabatlarının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyasının rəqəmsal texnologiyalar və tətbiqlər İşçi qrupunun rəhbəri kimi tədbirə onlayn qoşulub. O, Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” təcrübəsinin 20-dən çox ölkə tərəfindən öyrənilməsindən, həmin modelin, rəqəmsal həllərimizin BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükafatlara layiq görülməsindən söz açıb. Həmçinin həmin amillərin “ASAN xidmət” yanaşmasının uğurlu model kimi beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi olduğunu qeyd edib. İşçi qrup çərçivəsində ölkələr arasında bilik, təcrübə transferi və beynəlxalq ekspertlərin cəlb olunması ilə üzv ölkələrdə dayanıqlı inkişafa dəstək üzrə görülmüş işlərə dair məlumat verilib.
Tədbirdə Azərbaycanla yanaşı, 10 ölkənin və 20-dən çox qlobal korporasiyanın nümayəndələrinin iştirakı ilə qlobal trendlər və 4-cü Sənaye inqilabı texnologiyalarının üzv ölkələrdə tətbiqi üzrə birgə fəaliyyətlərə dair müzakirələr aparılıb.