Bu gün açılışında iştirak etdiyimiz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə Azərbaycan daxil olmaqla, 12 ölkədən 160-dan çox nəşriyyatlar qatılıb. Bu bölgədə öz möhtəşəmliyi və məzmun zənginliyi ilə seçilən sərgilərdəndir.
"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.
Azərbaycanda ədiblərə, yazarlara xüsusi diqqət və qayğının göstərdiyini bildirən nazir qeyd edib: “Beş gün davam edəcək sərgidə kitab nəşriyyatlarının, xüsusilə də mətbəələrin təqdimatları keçiriləcək. Uşaq ədəbiyyatına yönəlmiş maraqlı təqdimatlar da sərgidə öz yerini tutur. Sərgi müddətində həm Azərbaycan, həm də xarici yazıçı və şairlərlə görüşlər keçiriləcək. Rusiya Federasiyası bu il tədbirdə fəxri qonaq qismində iştirak edir.
Sərginin Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilməsi rəmzi məna daşıyır. Çünki Ümummilli Lider hər zaman kitaba, ədəbiyyata böyük önəm verib”.
Prezident İlham Əliyevin tapşırıqları və müvafiq sərəncamları ilə kitab sənayesinin inkişafı istiqamətində çoxsaylı tədbirlər görüldüyünü vurğulayan A.Kərimli bildirib ki, əsas məqsədlərdən biri uşaq ədəbiyyatının təbliğ edilməsidir. “Azyaşlıların oxu mədəniyyətinin formalaşmasına böyük önəm veririk. Azərbaycanın dili və ədəbiyyatı çox zəngindir. Sevindirici haldır ki, texnoloji inkişafa, rəqəmsal dünyanın həyatımızın əsas tərkib hissəsinə çevrilməsinə baxmayaraq, klassik kitablarımız yenə də vətəndaşlar tərəfindən böyük həvəslə oxunur”, - deyən nazir əlavə edib ki, Qarabağda işğal dövründə ermənilər tərəfindən Azərbaycanın mədəni mülkiyyətinin tərkib hissəsi kimi beş milyondan çox kitab fondumuzun tamamilə məhv edilməsi ağrılıdır. Lakin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda mədəni həyat canlanmaqdadır.
Nazir, eyni zamanda, qeyd edib ki, bu sərgidə Qarabağ üçün kitabların toplanması və kitab fondunun zənginləşdirilməsi istiqamətində aksiyalar da həyata keçiriləcək.