Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi noyabrın 17-si, 18-i və 20-də keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Unikal"a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək şəxslərin qeydiyyatdan keçdikləri əlaqə telefonlarına imtahanın keçirilmə saatı və məkanı haqqında məlumat SMS vasitəsi ilə göndəriləcək.
İmtahanda namizədlərə 100 ballıq 40 sual (vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) veriləcək. Keçid həddi (ixtisas üzrə minimum 30 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 50 bal müəyyənləşdirilib. 50 və 50 baldan çox toplayan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.
Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 1 saat əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.