"Azərbaycan Qarabağın döyüş meydanında Ermənistana qalib gəlib, lakin erməni ideologiyası, kilsəsi, diasporası bütün dünyada əleyhimizə daha amansız iş aparır. Bütün millətlərdən fərqli olaraq, ermənilər qalib gələndə deyil, məğlub olanda güclənirlər. İlham Əliyevin qarşıdakı 20 illik prezidentlik dövrü “azərbaycanlı köçkün” terminini tarixə qovuşdurmaq və rifah dövlətinə çevrilmək təşkil edəcək. Bəli, müstəqillik tarixində ilk dəfə büdcə qanunu da bütövləşib və biz bütün dünyaya göstərməliyik ki, ermənilərdən fərqli olaraq, Qarabağda qurucu millətik!".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Deputat bildirib ki, qayıdışa xərclənən və Xankəndi daxil, bir vaxtlar ermənilərin istismarında olan resursların Azərbaycan iqtisadi dövriyyəsinə qaytarılması təkcə ÜDM-i deyil, bütün vətəndaşlarımızın qaçqınlıq və köçkünlükdən qalan ağır humanitar, mənəvi mirasın da aradan qalxmasına, əmək, mədəniyyət və ictimai münasibətlərimizi də təzələməlidir:
"Azərbaycanda demoqrafik dinamikaya 2024-cü ilin büdcəsi necə təsir edəcək? 4 il əvvəl, 29 yanvar 2019-cu ildə dövlət proqramın yekunlarına həsr olunan konfransda ölkə rəhbəri dedi, sitat: “əhali nə qədər çox olarsa, ölkəmiz o qədər sürətlə inkişaf edər” bəyanatı ilə ailə institutunun qorunması və inkişafı, milli genofondumuzun gələcəyi, Ordumuzun əsas nüvəsi olan gənclərlə qürur duyduğunu bəyan edib. Lakin bu günlərdə bir xarici ekspertin “Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır” sərlövhəli müsahibəsi geniş rezonans doğurub. Əlbəttə, demoqrafiya məsələsinin də siyasiləşdirildiyi bəllidir, ona görə əhali artımını da qələbə amili sayması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib. Ermənistan isə əksinə, son 3 ildə hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri tarixində ilk dəfə qabaqlayıb. Gürcüstanda patriarx İlya 2 və 3-cü uşaqları özünün xaç suyuna salacağını elan edəndən sonra doğum səviyyəsi artıb. Azərbaycanda 20 il əvvəl - 2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100.000 uşaq. Ermənistanda daha az, cəmi- 32.000 min, yəni 3-ün birə nisbəti olub. Xatırladaq ki, 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. 3-cü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4.000 min dollar ödənilir.
Ona görə də Ermənistanın demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhali sayı azalarsa, onlar səbəbindən “Qarabağı tam məskunlaşa bilməyəcəklər” kimi əslində özlərinin yaşadıqları sindromu və məğlubiyyətin səbəblərindən birini ölkəmiz üçün təbliğ etmələrinə yol verməməliyik. Qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir. Ölkəmizdə 2022-ci ildə ana bətnlərində məhv etdiyimiz uşaqların sayı 58 mindir, 15 065 nikahdan 6920-si boşanıb və əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb və belə mənfi tendensiyanı yalnız məqsədli dövlət siyasəti durdura bilər. Ona görə də Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin 3-cü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur".
Anar Kəlbiyev