Televiziyaların qaranlıq problemləri
Televiziyaların qaranlıq problemləri
Yeni yaradılan qurumlar mənasızdır

Yaxın bir ay ərzində Milli Televiziya və Radio Şurasının (MTRŞ) xüsusi iclasları keçiriləcək. Bu barədə MTRS sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, xüsusi iclaslar milli serialların çəkilməsi ilə əlaqədar ölkə prezidenti tərəfindən ayrılan vəsaitin bölünməsinə və dilçiliyin inkişafına dair Dövlət Proqramında MTRŞ-nın üzərinə düşən vəzifələrə həsr olunacaq.
Şura sədri deyib ki, Dövlət Proqramında telekanallarda bədii şuraların yaradılması nəzərdə tutulur. Bu proses 2013-cü il ərzində başa çatdırılacaq: "Seriallar üçün ayrılan vəsaitin necə bölünməsi üzərində də ciddi düşünüləcək. Telekanallar serial çəkilişləri üçün ayrılan ilk vəsaitdən hazırlıq mərhələsi kimi istifadə etdi. Bu mərhələdə isə serialların çəkilməsinə çox ciddi nəzarət ediləcək. Ümumiyyətlə, bu mərhələ Azərbaycanda serial çəkilişlərində keyfiyyət mərhələsi olacaq".Bəs əslində reallıq nədən ibarətdir?
Ekspertlər hesab edir ki, bu gün televiziyaların qarşılaşdığı problemlər elə problemlərdir ki,onun həlli üçün tamam başqa addımlar atılmalıdır. Məsələn, bu gün bədii şuralar yaratmaqla televiziyalarda dil mədəniyyətinə, efir kodeksinə nəzarət etmək istənilir. Əslində isə bu ideyanın özü yanlışdır. Ən azından ona görə ki, bu gün televiziyaların əsas problemləri elə onun funksiyasındadır. Bu gün telekanalların informasiya siyasəti kifayət qədər yanlışdır və bu yanlışlığın səbəbidir ki, hər gün auditoriyalar daralır və keyfiyyəti aşağı düşür. Buna görə bədii şuraların yaranmasından öncə informasiya siyasətinə ciddi şəkildə baxılmalıdır. Hazırda telekanalların istehsal etdiyi məhsul 50 faizə yaxın bir rəqəmdir ki, bununda 30 faizini prodakşınlar təmin edir. Prodakşınlar isə sözsüz ki, bu layihələri biznes məqsədi ilə həyata keçirirlər ki, nəticədə keyfiyyətdən söhbət açmağa dəyməz. Gəlin elementar bir göstəriciyə baxaq. Bu gün telekanalların bir günlük istehsalında 6 saatdan çox zaman yalnız mətbəx və tibbi verlişlərə ,həmçinin yeni-yeni səhnəyə çıxan müğənnilərə həsr edilir ki, buda sadəcə olaraq dəhşətdir. Bu günə qədər sual verilmir ki, nəyə görə prodakşınlar bir dəfə də olsa ictimai məzmunlu proqramlar hazırlamır? Səbəb sadədir. Bu gün inkişaf etmiş ölkələrin hər birində prodakşınlara televiziyalar pul ödəyərək proqramlar alırlar. Nəticədə rəqabət yaranır və keyfiyyətli məhsullar alınır. Amma Azərbaycanda bu tam əksinədir. Prodakşınlar televiziyalara pul ödəyirlər ki, onların məhsulları nümayiş etdirilsin. Pul verən tərəf isə prodakşınlar olduğu üçün televiziyalar proqramların keyfiyyətinə önəm vermirlər. Nəticədə prodakşınlar da reklama ehtiyacı olan müğənnilərdən, şəxslərdən pul alaraq onları efirə çıxararaq keyfiyyəti daha da aşağı salırlar.Çünki hansısa mədəniyyət xadimi hansısa prodakşına pul verməyəcək ki, efirə çıxsın. Buna görə televiziyalar hər gün daha da sarı mətbuat həddinə düşür. Bu gün bədii şuraların yaradılması isə bunun qarşısını heç bir şəkildə ala bilməyəcək. Digər tərəfdən bu gün televiziyalar serial çəkmək üçün dövlətdən vəsait alırlar. Amma hansı telekanal bu günə qədər cəmiyyəti maraqlandıran seriallar çəkə bilib? Demək olar ki, heç biri. Hətta bunun əksinə, prodakşınların çəkdikləri serialları nümayiş etdirirlər ki, artıq burda da zərərli detallar ortaya çıxır. Məsələn , kanallardan birində artıq uzun müddətdir ki, nümayiş edilən serialda dini təriqətlərdən birinin təbliğatı aparılır. Amma bir dəfə də olsa məsul təşkilatlar buna etirazlarını bildirməyiblər. Halbu ki, milyon manat pul alan telekanaldan hesabat tələb edilməlidir ki, nəyə görə öz serial məhsulları yoxdur. Beləliklə çıxarılan nəticə budur ki, bərbad durumda olan telekanallarda hansısa irəliləyişə nail olmaq üçün bədii şuralar yaratmaq əvəzinə efir siyasətinə ciddi əl gəzdirilməlidir.
Fuad