Azərbaycan Respublikası Audiovizual Şurasının 21 noyabr 2023-cü il tarixdə keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.
Audiovizual Şuradan "Unikal"a verilən məlumata görə, şuranın müvafiq qərarları ilə “Sweet TV Group AZ” MMC-yə (operatorun xidmət adı “Sweet TV”) və “Konnekt” QSC-yə (operatorun xidmət adı “NNTV”) universal platforma operatoru lisenziyaları, “Konnekt” QSC-yə (provayderin xidmət adı: “NNTV Kinoteatr”) sifarişli yayım xidməti provayderi lisenziyası, “Şou Plus Media” MMC-yə (televiziya redaksiyasının adı: “Show Plus TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.
İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə şuraya müraciəti müzakirə olunub, müvafiq qərarla “Startelecom” MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.