5 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak və çıxış edib.

XİN-dən "Unikal"a verilən məlumata  görə, görüşdə Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, ətraf mühitin mühafizəsi və s. sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı çıxış edən nazir Ceyhun Bayramov bu kimi görüşlərin keçirilməsinin Xəzər regionunda mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.

Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud vəziyyətin beynəlxalq hüquq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətin əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edən nazir Ceyhun Bayramov, Xəzər regionu çərçivəsində də sözügedən prinsiplərin, habelə beynəlxalq hüquqda mövcud təcrübələrin rəhbər tutulmasının vacibliyini vurğulayıb.

Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün Xəzəryanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyəti qeyd olunub.

Karbohidrogen ehtiyatları ilə zəngin olması ilə yanaşı, mühüm geostrateji mövqe tutan Xəzər dənizi hövzəsində yerləşən dövlətlər arasında bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, investisiyalar, alternativ enerji və s. istiqamətlər üzrə geniş potensialın mövcud olduğu, bu potensialdan istifadənin öz növbəsində regionda nəqliyyat və kommunikasiyaların, infrastruktur və texnologiyaların inkişafına da töhfə verə biləcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından istifadənin o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına da töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan birinin Xəzərin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji problemlərin olduğu, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aidiyyəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi, hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparıldığı bildirilib.

2022-ci ilin oktyabrında Bakıda Xəzərlə bağlı Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsinin, Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı yaranan məsələlərin müzakirəsinin faydalı rol oynadığı qeyd edilib. Bu istiqamətdə, cari ilin 18-19 dekabr tarixlərində Bakıda Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı xüsusi ekspert qrupunun ilk iclasının keçirilməsi barədə əldə edilmiş razılığın konstruktiv dialoqa imkan yaradacağına dair ümidvarlıq ifadə olunub.

Tədbirin sonunda müzakirə okunmuş məsələlərin əks olunduğu bəyanat qəbul olunub.

***

13:28

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

Nazirlər əvvəlcə məhdud tərkibdə görüşüblər. Daha sonra isə nümayəndə heyətlətinin iştirakı ilə geniştərkibli görüş olub.

Qeyd edək ki, Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edirlər.

Tərəflər Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

*** 11:33

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

"Unikal" xəbər verir ki, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə iki ölkə arasında münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, eləcə də regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

*** 07:54

Dekabrın 5-də Rusiyanın paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirə Azərbaycanla yanaşı İran, Qazaxıstan və Türkmənistan nümayəndələri qatılacaq.

Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.