Türkiyənin Aydın vilayətində 13 il əvvəl törədilmiş cinayətin üstü açılıb.
"Unikal" xəbər verir ki, Emin A. və həyat yoldaşı Elif A. 2010-cu ildə kirayə qaldıqları evin sahibi Nesip Sürmelini öldürməkdə şübhəli biliniblər.
Belə ki, cütlük illər əvvəl kirayə götürdükləri evdə mənzilin sahibi Sürmeli ilə mübahisə yaşayıblar. Mübahisə qanla nəticələnib. Emin və Elif kişini qətlə yetiriblər. Bundan sonra meyiti evin qaraj hissəsində basdırıblar və izi itiriblər. Sürmelinin ailəsi və yaxınları onun itkin düşməsi barəsində polisə məlumat veriblər. İllər sonra polislər cütlüyün kirayə qaldığı evə baxış keçirib. Nəticədə qarajdan insana məxsus sümüklər aşkarlanıb. Tibbi-ekspertizadan sonra sümüklərin Nesip Sürmeliyə məxsus olduğu bildirilib.
Kişi və qadın həbs olunublar. Onlar ilkin dindirilmədə cinayəti etiraf ediblər. Məhkəmə Emin A. və Elif Hatice A.-ya ömürlük həbs cəzası verib.