İsmət Abbasov narahatlıq içində
22:06 19-04-2013
CƏMİYYƏT
İsmət Abbasov narahatlıq içində
Kənd təsərrüfatı naziri niyə bəhanə axtarışına çıxdı?
Kənd təsərrüfatı naziri İsmət Abbasov aqrar sektordakı uğursuzluqları gizlətmək üçün yeni bəhanə tapıb. Nazirin son günlərin yağışlı hava şəraiti haqqında tələm-tələsik açıqlama vermək ehtiyacı belə düşünməyə əsas verir.
Nazir bildirib ki, son bir neçə gündə Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatı sahəsinə zərər vurub. Onun sözlərinə görə, bəzi ərazilərdə havanın həddindən artıq soyuması və yağıntının olması meyvə ağaclarına ziyan vurub: "Çiçəkləmə vaxtı belə hava şəraiti məhsuldarlığı aşağı sala bilər. Düşünürəm ki, qarşıdakı günlərdə hava əlverişli olarsa, bu il kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək olar".
Azərbaycanda kənd təsərrüfatının vəziyyəti aydındır. Aqrar sektora ayrılan yüz milyonlarla manat vəsaitə rəğmən bu sahədə istehsal göstəricilərini heç cür yaxşılaşdırmaq olmur. Bunun da səbəbi bəllidir: medianın və müstəqil ekspertlərin böyük əksəriyyətinin fikrincə, kənd təsərrüfatının ÜDM-də payının ciddi şəkildə yüksəlməməsinin əsas səbəbi kənd təsərrüfatına ayrılan vəsaitlərin korrupsiya predmetinə çevrilməsidir.
Amma kənd təsərrüfatı naziri İsmət Abbasov və onun sözçüləri korrupsiya faktını inkar etmək, başqa bəhanələrin axtarışına çıxmaqla məşğuldurlar. Məsələn, nə vaxt ki, havalar isti keçir, nazirlik rəhbərliyi bunu məhsuldarlığa zərbə adlandırır.
Nə vaxt ki, yağışlı hava şəraiti keçir, yenə yada "bunun məhsuldarlığa vuracağı ziyan" düşür. Belə çıxır ki, kənd təsərrüfatımıza dövlət vəsaitləri ayırmaq, aqrar sektora yönəlik siyasəti həyata keçirmək artıq işdir, çünki hər şey hava şəraitindən asılıdır. Axı yaz aylarında havaların yağmurlu keçməsindən təbii nə ola bilər? Yaz fəsli üçün yağışlar çox təbiidir, amma bunu bəri başdan aqrar sektordakı göstəricilərdə ciddi irəliləyiş əldə edilməməsinin "əsl səbəbkar"ı kimi göstərmək gülməli görünür.
Aydın məsələdir ki, kənd təsərrüfatına ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi və daha çox mənimsəmə predmetinə çevrilməsi, aqrar sektorun idarəçiliyində yol verilən başqa nöqsanlar, inhisarçılığa imkan yaradılması, fermerlərin haqlarının hansısa məmurların maraqlarına qurban verilməsi kimi nöqsanları malalamaq üçün İsmət Abbasov və nazirliyinin təbiətdən gələn bəhanələrə ciddi ehtiyacı var. Üstəlik, son vaxtlar Abbasovun görəvdən alınacağına dair məlumatlar yenidən intensivləşib, nazir isə narahatdır ki, aqrar sektorun göstəricilərində
müsbətə doğru ciddi dəyişikliklər, artım bu il də baş verməzsə, onun postundan uzaqlaşdırılması qətiləşə bilər.
Çünki iqtidar içindəki rəqiblərinin bunu Abbasovun "vurulması" üçün kompromata çevirəcəkləri dəqiqdir. Onlar ayrılan dövlət vəsaitlərinin ilbəil artmasına rəğmən aqrar sektorun məhsuldarlığında heç bir yüksək artımın müşahidə edilməməsini məhz nazirliyin düzgün idarə edilməməsi ilə əlaqələndirəcəklər ki, bu da olduqca haqlı yanaşmadır.
Ona görə də İsmət Abbasovun indidən yağışlı havaları bəhanəyə çevirməyə çalışmasına təəccüblənməməliyik. Əmin olun ki, mayda havalar isti keçsə, nazir bu dəfə də quraqlığı "məhsuldarlığa zərbə" adlandırmağa başlayacaq.
Azər Aslan
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22